ترکی
شاعر نسیمی
نوع الفبا: لاتین و فارسی عربی
ائی مسیحادم، نییشه جان وئرمهدین جانسیزلارا.
اوْل کی،هر دم جان ایله آیدیر کی، جانان سیزلره:
لبلرین آبین منی دیلتشنهدن قێلما دیریغ،
نوْلا درمان ائیلهسن بۇ دردی درمانسیزلارا.
آبی-حئیوان قییمتین حئیوانا سوْرما، خێزرا سوْر
چۆنکی ایدراک ائیلهمز هر دگمه حئیوان سیزلره.
حۆسن ایچینده یۇسیفی-کنانا تحسین ائتمزم،
اوْنلارین دؤورانی کئچدی، گلدی دؤوران سیزلره.
بارماق ایلن گؤستررلر کیم، اۆزوندور قیبلگاه،
اوْل شهادتدن دؤنوبدور کۆفری-ایمان سیزلره.
دیلبرا، کؤنلونده یوْخدور عاشقه قێلماق وفا
خئیری قوْیماز میسکینه قێلماغا شیطان سیزلره.
چۆن سۆلئیمان مۆلکونو قوْیدیوو گئتدی دۆنیادان
قالدی آندان سوْنرا بۇ، مۆلکی-سۆلئیمان سیزلره.
عشق ایچینده بینوا قالدیم، حقه جهد ائیلهرم
حالیمی عرض ائده بیلمن، شاهی-خۇبان، سیزلره.
اهلی-عالم ایلده بیر قۇربان ائدرلر عید ایچون،
هر زامان قۇربانینم، ائی جۆمله قۇربان سیزلره.
لۆطفو احسان واختیدیر، شاها، منه احسان گرک،
چۆن ازلدن قیسمت اوْلموش لۆطفو احسان سیزلره.
ائی نسیمی، خۇبلارین بیر باشی واردیر، مین دیلی.
عشقیله بئل باغلاما بۇ عهدو پئیمانسیزلارا.
*******************************************
Ey Məsihadəm, niyşə can vermədin cansızlara.
Ol ki,hər dəm can ilə aydır ki, canan sizlərə:
Ləblərin abin məni diltəşnədən qılma diriğ,
Nola dərman eyləsən bu dərdi dərmansızlara.
Abi-heyvan qiymətin heyvana sorma, Xızra sor
Çünki idrak eyləməz hər dəgmə heyvan sizlərə.
Hüsn içində Yusifi-Kənana təhsin etməzəm,
Onların dövranı keçdi, gəldi dövran sizlərə.
Barmaq ilən göstərərlər kim, üzündür qibləgah,
Ol şəhadətdən dönübdür küfri-iman sizlərə.
Dilbəra, könlündə yoxdur aşiqə qılmaq vəfa
Xeyri qoymaz miskinə qılmağa şeytan sizlərə.
Çün Süleyman mülkünü qoydivü getdi dünyadan
Qaldı andan sonra bu, mülki-Süleyman sizlərə.
Eşq içində binəva qaldım, həqə cəhd eylərəm
Halımı ərz edə bilmən, şahi-xuban, sizlərə.
Əhli-aləm ildə bir qurban edərlər eyd içün,
Hər zaman qurbaninəm, ey cümlə qurban sizlərə.
Lütfü ehsan vaxtıdır, şaha, mənə ehsan gərək,
Çün əzəldən qismət olmuş lütfü ehsan sizlərə.
Ey Nəsimi, xubların bir başı vardır, min dili.
Eşqilə bel bağlama bu əhdü peymansızlara.